Portuqaliyalı mütəxəssis Paulo Fonseka "Milan" klubundakı fəaliyyəti barədə danışarkən rəhbərliyin ona kifayət qədər şans tanımadığını bildirib. 2024-cü ilin iyun-dekabr aylarında İtaliya nəhənginə rəhbərlik edən çalışdırıcı, komandanın oyun üslubunu hücumameyilli formata salmaq üçün zamana ehtiyac duyduğunu vurğulayıb. O, hazırda Fransada işləməkdən, yerli çempionatın müasir stadionlarından və hücum futbolundan böyük zövq aldığını qeyd edib.
Postxronika.az xəbər verir ki, "The Athletic" nəşrinə istinadən, qısa müddətdə köklü dəyişikliklər aparmağın İtaliyada demək olar ki, mümkünsüz olduğunu deyən Fonseka bunu ən böyük çətinlik kimi dəyərləndirib. Qeyd edək ki, təcrübəli baş məşqçi hazırda Fransa Liqa 1-də mübarizə aparan "Lion" komandasının sükanı arxasındadır. Onun çalışdırdığı kollektiv turnir cədvəlində üçüncü pillədə qərarlaşaraq lider "Lans"dan yeddi xal geri qalır.