"Real"ın sabiq çalışdırıcısı Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa yığmasının baş məşqçisi təyin olunmaqla bağlı şifahi razılığa gəlib.
Postxronika.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano öz podkastında məlumat yayıb. O bildirib ki, mütəxəssislə Fransa Futbol Federasiyası arasında artıq ilkin anlaşma mövcuddur. Hazırda bütün diqqət Didye Deşamın rəhbərliyi altında keçiriləcək mundiala yönəlsə də, turnirdən sonra Zidanın komandanın sükanı arxasına keçəcəyi gözlənilir. Bununla belə, tərəflər arasında heç bir rəsmi sənəd imzalanmadığı üçün prosesin son anda dəyişmə ehtimalı da istisna edilmir.