İran 300 kiloqramlıq yüksək zənginləşdirilmiş uran ehtiyatını ölkə xaricinə çıxarmaqdan boyun qaçırır. Lakin rəsmi Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında sözügedən maddənin təmizlik dərəcəsini 60 faizdən 20 faizə, yaxud daha aşağı səviyyəyə endirməyə hazırdır.

Postxronika.az xəbər verir ki, bu qərar ABŞ Prezidenti Donald Trampın hərbi müdaxilə ehtimallarını nəzərdən keçirdiyi bir vaxtda Vaşinqtona təqdim ediləcək təklifin əsasını təşkil edir. İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Ştatların zənginləşdirmə prosesinin tamamilə dayandırılmasını tələb etmədiyini iddia etsə də, amerikalı rəsmilər bu məlumatı təkzib edərək fəaliyyətin sıfıra endirilməsini istədiklərini bildirirlər. Xarici siyasətdəki bu nüvə gərginliyi fonunda ölkənin daxili vəziyyəti də kəskinləşib və bir neçə ali məktəbdə hökumət əleyhinə kütləvi etiraz aksiyaları yenidən baş qaldırıb.