Amerikanın texnologiya nəhəngi "Google" şirkətinin Rusiya dövlətinə, eləcə də fiziki və hüquqi şəxslərə olan ümumi borcu 26,3 milyard rublu (təxminən 338 milyon dollar) geridə qoyub. Məhkəmə qərarlarına əsasən, bu məbləğ ölkə qanunvericiliyinin pozulmasına görə kəsilən cərimələrdən, vaxtında ödənilməyən icra rüsumlarından və əmlak sanksiyalarından ibarətdir. Hazırda korporasiyaya qarşı qeyd edilən tələblər üzrə ümumilikdə 58 icra işi başlanılıb.
Postxronika.az xəbər verir ki, axtarış sisteminə qarşı ilk böyük sanksiya 2018-ci ilin dekabrında qeydə alınıb. Həmin vaxt qurum qadağan olunmuş saytların reyestrinə qoşulmaqdan imtina etdiyi üçün 500 min rubl məbləğində cərimələnmiş və tələb olunan vəsaiti ödəmişdi. Lakin sonrakı illərdə xüsusilə "Roskomnadzor" və Moskva məhkəmələrinin qərarları ilə tətbiq edilən maliyyə cəzalarının həcmi sürətlə artaraq hazırkı rekord həddə çatıb.