"Fiorentina" klubunun hücumçusu Moyze Kin ölkənin digər aparıcı komandalarının diqqət mərkəzindədir. İnsayder Ekrem Konurun məlumatına əsasən, "Milan" və "Roma" 25 yaşlı forvardı öz heyətinə qatmaq üçün ciddi rəqabət aparır.
Postxronika.az xəbər verir ki, futbolçunun müqaviləsində 62 milyon avroluq sərbəst qalma bəndi olsa da, A Seriyası təmsilçilərinin bu yüksək məbləği ödəmək ehtimalı olduqca aşağıdır. Xərcləri optimallaşdırmağa çalışan "Qırmızılar" bu keçidə maksimum 30-35 milyon avro ayırmağa hazırdır. Cari mövsümdə 27 qarşılaşmada 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənən italyan ulduzun "Transfermarkt" portalındakı bazar dəyəri isə hazırda 45 milyon avro olaraq qiymətləndirilir.