Ərəb və İslam ölkələri ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin Taker Karlsona müsahibəsində səsləndirdiyi təxribatçı fikirləri kəskin şəkildə qınayıb. Diplomatın dini mətnlərə əsaslanaraq yəhudi dövlətinin Nil çayından Fərat çayına qədər olan ərazilərə sahib çıxmaq hüququnun olduğunu iddia etməsi böyük narazılıq yaradıb. O, sonradan bunun sadəcə mübaliğə olduğunu bildirsə də, region dövlətləri bu yanaşmanı tamamilə qəbuledilməz hesab ediblər.
Postxronika.az xəbər verir ki, aralarında Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin də olduğu ondan çox dövlət, həmçinin üç böyük təşkilat birgə bəyanat yayaraq bu açıqlamanı ölkələrin suverenliyinə hücum adlandırıb. Sənəddə qeyd olunub ki, belə məsuliyyətsiz şərhlər beynəlxalq hüquq prinsiplərini pozmaqla yanaşı, Qəzzada sülhün əldə olunması səylərinə də ciddi zərbə vurur. Fələstin rəhbərliyi isə səfirin mövqeyinin rəsmi Vaşinqtonun bəyan etdiyi əvvəlki xarici siyasət kursu ilə ziddiyyət təşkil etdiyini xüsusi vurğulayıb.