ABŞ prezidenti Donald Trump yayım platforması ''Netflix''in idarə heyətinin üzvü Susan Rayzın dərhal işdən çıxarılmasını tələb edib. O, Truth Social hesabında paylaşım edərək şirkəti əks halda “nəticələrə qatlaşacağı” barədə xəbərdar edib. Tramp Raysı sərt tənqid edərək onu “siyasi fiqur” adlandırıb və peşəkar bacarıqlarını şübhə altına alıb. Paylaşımda həmçinin onun fəaliyyəti və aldığı ödənişlə bağlı suallar da səsləndirilib. Prezidentin bəyanatı ictimai və siyasi müzakirələrə səbəb olub. Bu çıxış ABŞ-də media və biznes mühitində siyasi təsir mövzusunu yenidən gündəmə gətirib.


Postxronika.az xəbər verir ki, Trampın paylaşımı Laura Loomerin sosial şəbəkədə Raysın ''Stay Tuned with Preet'' podkastında səsləndirdiyi fikirlərə reaksiyasını paylaşmasından sonra yayılıb. Podkastın aparıcısı Preet Bharara ilə söhbətdə Rays bəzi şirkətlərin siyasi qərarlarına görə gələcəkdə hüquqi və siyasi məsuliyyətlə üzləşə biləcəyini bildirib. Loomer isə eyni paylaşımda mümkün ''Warner Bros.'' və ''Discovery'' birləşməsi ətrafında müzakirələrə toxunaraq ''Paramount Skydance'' ilə rəqabət fonunda bu prosesin siyasi təsirlər doğura biləcəyini iddia edib. O, həmçinin Barak Obama və Mişel Obama ilə əlaqəli ''Higher Ground Productions''ın təsirinin artacağı barədə narahatlığını dilə gətirib və FCC sədri Brendan Carrı bu məsələyə diqqət yetirməyə çağırıb. Tramp isə daha əvvəl media şirkətləri arasındakı mümkün razılaşmalarla bağlı prosesə birbaşa müdaxilə etməyəcəyini bildirib. O, bu cür məsələlərin hüquqi qiymətləndirilməsinin aidiyyəti qurumlar tərəfindən aparılmalı olduğunu vurğulayıb. Hal hazırda Rays ''Netflix''in idarə heyətində fəaliyyətini davam etdirir və ABŞ administrasiyasında yüksək vəzifələrdə çalışmış təcrübəli dövlət xadimi kimi tanınır.