Meksikanın ən bədnam narkotik baronlarından biri sayılan "El Menço" ləqəbli Nemesio Ruben Oseqera Servantes xüsusi hərbi əməliyyat nəticəsində zərərsizləşdirilib.

Postxronika.az xəbər verir ki, ABŞ kəşfiyyatının dəstəyi ilə reallaşdırılan bu basqından dərhal sonra ölkənin qərb bölgələrində genişmiqyaslı zorakılıq dalğası baş qaldırıb.

Kartel üzvləri əsas magistralları bağlayaraq nəqliyyat vasitələrini yandırıb və təhlükəsizlik qüvvələri ilə şiddətli toqquşmalara giriblər.

İyirmi ştatı əhatə edən silahlı insidentlər zamanı azı iyirmi altı nəfərin, o cümlədən hərbçilərin və mülki şəxslərin həlak olduğu bildirilir. Yaranmış təhlükəli vəziyyətlə əlaqədar tədris müəssisələri fəaliyyətini dayandırıb, vətəndaşlara, eləcə də turistlərə sığınacaqlardan çıxmamaq xəbərdarlığı edilib.

Kütləvi iğtişaşlar səbəbindən bir çox beynəlxalq aviaşirkətlər Qvadalaxara və Puerto Valyarta kimi iri şəhərlərə planlaşdırılan uçuşlarını kütləvi şəkildə ləğv edib.