Fevralın 18-dən 21-dək Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Esvatini Krallığı Parlamentinin açılış mərasimində iştirak etmək məqsədilə sözügedən ölkədə rəsmi səfərdə olub.

Postxronika.az Azərbaycan Respublikasının Səfirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində diplomat əvvəlcə Esvatininin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Folile Şakantu ilə görüşərək ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə edib. Daha sonra H.Rəhimlini qəbul edən Esvatini Kralı III Msvati Azərbaycan Prezidentinə salamlarını çatdırıb və ölkəmizdə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcəyini açıqlayıb.

Görüş zamanı kral iki ölkə arasında enerji, nəqliyyat, sərmayə və dağ-mədən sənayesi sahələrində əlaqələrin genişləndirilməsində, habelə Azərbaycan investisiyalarının cəlbində maraqlı olduqlarını vurğulayıb. Öz növbəsində, H.Rəhimli Azərbaycanda aparılan islahatlar, Vətən müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdəki genişmiqyaslı bərpa-quruculuq işləri və mövcud mina problemi barədə qarşı tərəfə ətraflı məlumat verib.

Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini xüsusi qeyd ediblər. Həmçinin, Azərbaycanın “ASAN” və “DOST” xidmətləri modelinin Esvatinidə tətbiqi imkanları nəzərdən keçirilib və III Msvati bu cür mərkəzlərin ölkəsində açılmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Fevralın 20-də Esvatini Parlamentinin spikeri Jabulani Mabuza ilə keçirilən görüşdə isə parlament diplomatiyasının əlaqələrin inkişafındakı rolu və Azərbaycan Milli Məclisi sədrinin rəhbərlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.