Paytaxtın Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Postxronika.az xəbər verir ki, əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş 61 yaşlı paytaxt sakini Elman İmanov saxlanılıb və onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdiyi digər tədbir nəticəsində isə analoji cinayətdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov ələ keçib. Ondan satış məqsədilə qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram 413 qram olan heroin, tiryək, marixuana və metamfetamin (psixotrop maddə) müsadirə olunub.
Araşdırmalarla müəyyən edilib ki, E. İmanov və T. Bağırov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar. Hazırda faktlarla bağlı cinayət işləri başlanılıb və saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.