Rusiya hökuməti "Telegram"ın qurucusu Pavel Durova qarşı "terror fəaliyyətinə dəstək" şübhəsi ilə cinayət işi başlatdı.

Postxronika.az "Rossiyskaya Gazeta" nəşrinə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin materiallarına əsaslanan istintaqda platformanın Qərb və Ukrayna kəşfiyyatı tərəfindən idarə olunduğu iddia edilir. Rəsmi Moskva tətbiqdəki kütləvi qayda pozuntularını və rəhbərliyin əməkdaşlıqdan boyun qaçırmasını əsas gətirərək, yerli istifadəçiləri dövlət nəzarətindəki alternativə yönəltmək üçün mesajlaşma şəbəkəsinin sürətini məhdudlaşdırır.

Rəsmilər proqramın müharibə dövründə yüksək rütbəli hərbçilərə qarşı sui-qəsdlərdə və təxribatlarda istifadə olunduğunu bildirirlər. Buna baxmayaraq, şəbəkə həm mülki vətəndaşlar, həm də cəbhədəki ordu mənsubları arasında əsas kommunikasiya vasitəsi olduğu üçün rəhbərlik onu tamamilə bloklamaqdan çəkinir.

Qeyd edək ki, hazırda Dubayda yaşayan iş adamı hələlik bu ittihamlara münasibət bildirməsə də, bir müddət əvvəl Kreml tərəfindən tətbiq edilən məhdudiyyətləri sərt şəkildə tənqid etmişdi.