Rusiya şirkətləri Ukraynaya qarşı müharibə başlayandan bəri məhdudiyyətlərdən yayınmaq məqsədilə Britaniyanın dənizaşırı əraziləri vasitəsilə 8 milyard dollarlıq ticarət dövriyyəsi həyata keçiriblər. "Transparency International" təşkilatının hesabatına əsasən, bu gizli fəaliyyətlərə lüks yaxtaların, xüsusi təyyarələrin və neft-qaz avadanlıqlarının alqı-satqısı daxildir. Araşdırmalar göstərir ki, ümumi maliyyə axınının 95 faizdən çoxu Virciniya, Bermud, Kayman adaları və Cəbəllütariq üzərindən reallaşdırılıb.

Postxronika.az xəbər verir ki, qeydə alınan 29 minə yaxın şübhəli köçürmədə Vladimir Putin, Dmitri Medvedev və Ramzan Kadırov kimi tanınmış siyasi fiqurlarla əlaqəli şəxslərin iştirakı aşkarlanıb. Xüsusilə Virciniya və Bermud adaları rusiyalı oliqarxların aktivlərinin, həmçinin işğal olunmuş ərazilərdən əldə edilən qeyri-qanuni gəlirlərin gizlədilməsi üçün əsas tranzit zonaları kimi istifadə edilib. Mövcud vəziyyətlə əlaqədar Böyük Britaniya hökumətinə mülkiyyət reyestrlərinin tam şəffaflaşdırılması və boşluqların aradan qaldırılması üçün ciddi addımlar atması barədə xəbərdarlıq edilib.