Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən paytaxt Bakıda 1-ci və 2-ci dərəcəli məşqçi kurslarına start veriləcək. Həm nəzəri, həm də praktiki hissələrdən ibarət olacaq təlimlər Beynəlxalq Voleybol Federasiyasının (FIVB) məşqçi-müəllimi, professor Cengiz Akarçeşme tərəfindən tədris ediləcək.

Postxronika.az xəbər verir ki, qurumun yaydığı məlumata əsasən, tədris proqramının sonunda imtahan təşkil olunacaq və uğur qazanan iştirakçılara AVF-nin “1-ci dərəcə” və “2-ci dərəcə” sertifikatları təqdim ediləcək. “1-ci dərəcə” sertifikatı əldə edən məşqçi-müəllimlər yerli çempionatlarda rəsmi məşqçi kimi fəaliyyət göstərmək hüququ qazanacaqlar. Hər iki dərəcəni müvəffəqiyyətlə başa vuran mütəxəssislər isə FIVB-nin beynəlxalq “Level 1” seminarında iştirak etmək imkanı əldə edəcəklər.

Məlumat üçün bildirək ki, AVF-nin bu kurslarından sonra ölkəmizdə bilavasitə FIVB-nin “Level-1” və “Level-2” kurslarının da keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, ötən il federasiya tərəfindən Qəbələ, Sumqayıt və Bakı şəhərlərində də analoji “1-ci dərəcə” məşqçi kursları baş tutmuşdu. AVF gələcəkdə yalnız paytaxtla kifayətlənməyib, digər bölgələrdə də hər iki dərəcə üzrə bu cür layihələri davam etdirməyi planlaşdırır.

Təlim proqramının tarixləri:

“1-ci dərəcə”: 30 mart – 4 aprel

“2-ci dərəcə”: 6 – 10 aprel

Kurslarda iştirak etmək və ətraflı məlumat almaq istəyənlər +994 77 575 08 69 əlaqə nömrəsi və ya nargiza.ismayilova@gmail.com elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.