Portuqaliyanın "Benfika" klubu futbolçusu Canluka Prestianninin "Real"ın hücumçusu Vinisius Juniora qarşı irqçi təhqirlər işlətdiyini etiraf etməsi barədə yayılan xəbərləri qəti şəkildə təkzib edib.
Postxronika.az xəbər verir ki, Çempionlar Liqası çərçivəsində baş tutan qarşılaşmada braziliyalı ulduz rəqibinin ona "meymun" dediyini iddia etsə də, argentinalı yarımmüdafiəçi bu ittihamı rədd etmişdi. Mətbuatda gənc oyunçunun öz komanda yoldaşlarına həmin sözləri dediyini etiraf etməsi ilə bağlı məlumatlar yayılsa da, Lissabon təmsilçisi bu iddiaların heç bir əsasının olmadığını açıqlayıb.
Klubun rəsmi bəyanatında qeyd olunur ki, UEFA tərəfindən cəzalandırılan Prestianni sadəcə yaranmış qalmaqalın miqyasına və nəticələrinə görə komandasından üzr istəyib. O, həm rəhbərliyi, həm də futbolçu yoldaşlarını heç vaxt irqçi düşüncədə olmadığına inandırıb.