"Benfika"nın müdafiəçisi Sidni Kabral Çempionlar Liqasından kənarda qaldıqları matçdan sonra "Real"ın hücumçusu Vinisius Juniorla forma dəyişmək fikrindən daşınıb. İspaniya təmsilçisinin hər iki görüşdə qalib gəldiyi pley-off mərhələsinin cavab oyununun ardından portuqaliyalı idmançı braziliyalı ulduzdan köynəyini istəsə də, sonradan bu qərarından geri çəkilib.

Postxronika.az xəbər verir ki, futbolçu soyunub-geyinmə otağına daxil olduqda bu cür hərəkətin komanda daxilində problem yaradaraq ümumi ab-havaya mənfi təsir edə biləcəyini anlayıb. Kabral rəqibin geyimini istəməyin tələsik addım olduğunu etiraf edərək məsələnin ciddiliyini dərk edib və razılaşmadan imtina edib. Xatırladaq ki, tərəflər arasındakı ilk qarşılaşmada Vinisius lissabonluların digər üzvü Canluka Prestiannini irqçilikdə günahlandırmış, nəticədə argentinalı oyunçu cavab matçı üçün diskvalifikasiya olunmuşdu.