Dünya İqtisadi Forumunun (WEF) prezidenti və baş icraçı direktoru Borge Brende rüsvay olmuş maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə dair yaranmış kəskin tənqidlər fonunda vəzifəsindən getdiyini açıqlayıb. Səkkiz ildən çoxdur quruma rəhbərlik edən sabiq norveçli nazirin bu qərarı, onun adıçəkilən şəxslə görüşlərini təsdiqləyən sənədlərin ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayılmasından sonra qəbul edilib.
Postxronika.az xəbər verir ki, əvvəlcə cinsi cinayətlərdə ittiham olunan milyarderlə hər hansı münasibətini inkar edən Brende, sonradan 2018-2019-cu illərdə onunla bir neçə dəfə nahar etdiyini etiraf etmək məcburiyyətində qalıb. Təşkilatın apardığı müstəqil araşdırma əlavə qanun pozuntusu aşkar etməsə də, sabiq sədr beynəlxalq qurumun fəaliyyətinə xələl gətirməmək üçün postunu tərk etməyi məqsədəuyğun sayıb. Qeyd edək ki, son günlərdə Epşteynlə gizli təmaslarına görə Harvard Universitetinin keçmiş rəhbəri Larri Sammers və "Hyatt" otellər şəbəkəsinin icraçı sədri Tomas Pritzker kimi tanınmış simalar da oxşar addımlar ataraq tutduqları mövqelərdən uzaqlaşıblar.