Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyətində dəyişikliklər ediləcək. Keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 1-dən etibarən xəttin istismarını yeni daşıyıcı həyata keçirəcək.
Postxronika.az AYNA-ya istinadən xəbər verir ki, dəyişiklikdən sonra marşrut xəttində nisbətən yeni, ortatutumlu “Karsan” markalı avtobuslar fəaliyyət göstərəcək. Sərnişinlərin rahatlığı üçün xəttə 13 avtobus buraxılacaq və onlar 7-8 dəqiqə hərəkət intervalı ilə işləyəcək. Həmçinin, avtobuslarda ödəniş tam nağdsız qaydada həyata keçiriləcək və gedişhaqqı 0,50 AZN məbləğində müəyyən edilib.