Fransada keçirilən ''César Awards'' mərasimində ilin ən yaxşı filmi mükafatını rejissor Carine Tardieunun çəkdiyi ''The Ties That Bind Us'' qazanıb. Ekran işi eyni zamanda ən yaxşı adaptasiya olunmuş ssenari və ikinci plan qadın roluna görə Vimala Ponsa mükafat gətirib. Mərasimin əsas favoritlərindən sayılan ''Nouvelle Vague'' isə rejissor Richard Linklaterə ən yaxşı rejissor mükafatını qazandırıb və bir neçə texniki nominasiyada qalib olub. Tədbirdə aktyor Laurent Lafitte komediya-dram janrında çəkilmiş ''The Richest Woman In The World'' filmindəki roluna görə ən yaxşı kişi aktyor seçilib. Ən yaxşı qadın aktrisa mükafatını isə Lea Drucker ''Case 137'' filmindəki performansına görə alıb.


Postxronika.az xəbər verir ki, gecədə həmçinin ''One Battle After Another'' ən yaxşı beynəlxalq film seçilib və layihənin rejissoru Pol Tomas Andersonun işi xüsusi qeyd olunub. Mərasimdə məşhur komediya ustası Cim Kerri fəxri mükafatla təltif edilib. Tədbir zamanı kino tarixinin simvollarından biri olan Bricit Bardot da xatırlanıb və onun karyerasına həsr olunmuş xüsusi video təqdim edilib. Nümayişdə aktrisanın ''And God Created Woman'' və ''Contempt'' kimi klassik filmlərindən fraqmentlər yer alıb. Beləliklə, builki mükafat mərasimi həm yeni qalibləri, həm də fransız kinosunun əfsanəvi simalarını bir araya gətirib.