Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) Bakı Dövlət Universiteti və digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şantaj olunması barədə şikayətlər daxil olub. Naməlum şəxsin tələbələrin şəkillərini montaj edib təhqiramiz ifadələrlə sosial şəbəkələrdə yaydığı və silinməsi üçün pul tələb etdiyi bildirilmişdi.
Postxronika.az xəbər verir ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu qanunsuz əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış aparıb və müxtəlif şəxslərin görüntülərini əldə edib. O, həmin materialları süni intellekt proqramları vasitəsilə montaj edib, üzərlərinə təhqiramiz yazılar əlavə edərək saxta profillərdən təkrar paylaşıb. Saxlanılan şəxs daha sonra bu görüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən müxtəlif məbləğlərdə pul tələb edərək şantaj edib.
Hazırda faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Fəxri Cəbrayılova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İş üzrə araşdırmalar davam etdirilir.