Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə fevralın 27-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib. Turnirdə Bakı və Mingəçeviri təmsil edən, 2008-2013-cü il təvəllüdlü ümumilikdə 80 idmançı mübarizə aparıb.
Postxronika.az xəbər verir ki, ölkə birinciliyi ilk dəfə olaraq avarçəkmənin akademik, kayak və kanoe növlərində handikap sistemi üzrə təşkil olunub. Reqlamentə əsasən, iştirakçılar bir nəfərlik qayıqlarla akademik avarçəkmədə 3500 metr, kayak və kanoedə isə 2000 metr məsafə qət ediblər.
İdmançıların fərdi vaxt göstəricilərinə əsasən müəyyənləşən qaliblər diplom və medallarla təltif olunublar. Qeyd edək ki, Azərbaycan birinciliyində fərqlənən avarçəkənlər 28 aprel - 1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq “Prezident Kuboku-2026” beynəlxalq reqatasında iştirak edəcək komandanın heyətində yer alacaqlar.