Yaxın Şərqdə yaranmış gərgin vəziyyət ilə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən "Azərbaycan Hava Yolları" (AZAL) bir sıra istiqamətlər üzrə uçuşları müvəqqəti dayandırıb.

Postxronika.az  "Azərbaycan Hava Yolları"na istinadən xəbər verir ki, qərar Dubay, Doha, Ciddə və Təl-Əviv şəhərlərini əhatə edir.

​Aviaşirkətdən verilən məlumata əsasən, sərnişinlər həmin istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər. Hazırda Naxçıvan istiqaməti üzrə reyslər ştat rejimində, yəni qrafikə uyğun olaraq həyata keçirilməyə davam edir.

​AZAL rəhbərliyi mövcud vəziyyəti diqqətlə izlədiyini və uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atdığını bildirib.

Sərnişinlər uçuşlarla bağlı hər hansı dəyişiklik barədə operativ şəkildə məlumatlandırılacaqlar. Əlavə suallar və biletlərin dəyişdirilməsi ilə bağlı məsələlər üçün sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.