Yaxın Şərqdə kəskinləşən ABŞ və İsrail hərbi əməliyyatları fonunda Tehranın strateji əhəmiyyətli Hörmüz boğazını bağlaması qlobal bazarlarda ciddi təşviş yaradıb.
Postxronika.az xarici mediaya istinadən xəbər verir ki, tədarük zəncirindəki qırılma riskləri səbəbindən xam neftin qiymətinin sürətlə artaraq barel üçün 80-100 dollar həddini keçəcəyi proqnozlaşdırılır. Eyni zamanda, beynəlxalq fond birjalarında kəskin ucuzlaşma müşahidə edilir və investorlar qızıl kimi daha təhlükəsiz aktivlərə kütləvi şəkildə üz tuturlar. Regionda artan gərginlik və tankerlərə edilən hücumlar sığorta xərclərini yüksəldib, nəticədə bir çox nəhəng şirkətlər bu marşrutla daşımaları tamamilə dayandırıb. Yaranmış enerji böhranını yumşaltmaq məqsədilə OPEC+ ölkələrinin gündəlik hasilatı əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. Mövcud vəziyyətin təsirləri artıq regionda da hiss olunmaqdadır; belə ki, Küveyt fond birjası fəaliyyətini qeyri-müəyyən müddətə dondurub, əksər Körfəz bazarları isə böyük dəyər itkisi ilə üzləşib.