Venesiya Film Festivalının uzunmüddətli direktoru Alberto Barbera ilə müqavilə daha iki il müddətinə uzadılıb. Səlahiyyət müddəti builki 83-cü buraxılışdan sonra başa çatmalı olan Barbera 2027 və 2028-ci illərdə də vəzifəsini davam etdirəcək. Qərarı festivalın direktorlar şurası təsdiqləyib.


Postxronika.az xəbər verir ki, Barbera 2012-ci ildən etibarən Venesiyada bədii rəhbər kimi çalışır, daha əvvəl isə 1998–2001-ci illərdə eyni postu tutub. Onun rəhbərliyi dövründə ''Venice Film Festival'' beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artıraraq mükafat mövsümünün əsas platformalarından birinə çevrilib. Festivalda premyerası baş tutan və sonradan “Oscar” qazanan filmlər arasında ''Gravity'', ''Spotlight'', ''La La Land'', ''The Favourite'' və ''Joker'' yer alır.


Bildirilib ki, müqavilənin uzadılması seçilmiş filmlərin yüksək keyfiyyəti, yeni istedadların üzə çıxarılması və kino mədəniyyətinin təşviqi sahəsində əldə olunan nəticələr nəzərə alınaraq həyata keçirilib. Festival rəhbərliyi Barberanın auditoriyanın genişləndirilməsi istiqamətində də mühüm nailiyyətlər qazandığını vurğulayıb.