''Artists Equity'' şirkəti ''Netflix'' ilə çoxillik “first-look” tipli yayım, istehsal və distribusiya müqaviləsi imzalayıb. Şirkət aktyorlar Ben Afflek və Matt Damon tərəfindən təsis edilib. Razılaşmaya əsasən, layihələr ilkin olaraq ''Netflix''ə təqdim olunacaq və tərəflər birgə istehsal və yayım imkanlarını dəyərləndirəcəklər.
Postxronika.az xəbər verir ki, ''Artists Equity'' daha əvvəl ''Netflix'' ilə “The Rip” kriminal trilleri üzərində əməkdaşlıq edib və film platformanın reytinq cədvəlində üç həftə birinci olub.
Platforma həmçinin Afflekin rejissorluq etdiyi və ilin sonunadək təqdim olunacaq “Animals” filmini də yayımlamağa hazırlaşır. Bundan öncə şirkət kinoteatr nümayişi üçün ''Sony Pictures'' ilə üçillik müqavilə bağlayıb və həmin razılaşmaya əsasən, studiya layihələrin qlobal yayımını və maliyyələşməsini həyata keçirir.
Hansı filmin yayım platformasında, hansının isə kinoteatrlarda təqdim ediləcəyi isə hər layihə üzrə ayrıca müzakirə ediləcək.
Afflek və Damon birgə açıqlamalarında bu tərəfdaşlığın 2022-ci ildən formalaşdırdıqları strategiyanın mühüm mərhələsi olduğunu bildiriblər. Onlar ''Netflix''in müasir auditoriya ilə güclü əlaqəsini və cəsarətli, orijinal filmlərə verdiyi dəstəyi xüsusi vurğulayıblar.
''Netflix'' rəhbərliyi də öz növbəsində şirkətlə əməkdaşlığın genişləndirilməsinin yaradıcı və innovativ yanaşmaya əsaslandığını qeyd edib.