Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə məlumat daxil olub.

Postxronika.az xəbər verir ki, “Yamaha-55” markalı, “Mİ-912” bort nömrəli balıqçı qayığının mühərrikində yaranmış problemlə əlaqədar 2 nəfər heyət üzvünün köməksiz vəziyyətdə qalması bildirilib.

Qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi koordinatlar üzrə dərhal həmin istiqamətə göndərilib.

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü Rzayev Faiq Nadir oğlu və 1989-cu il təvəllüdlü Məhərrəmov Rauf Museyib oğlu sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.