Martın 4-də ölkə ərazisində asayişin qorunması və cinayətkarlıqla mübarizə istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Gün ərzində müxtəlif hüquqpozmalar, o cümlədən narkotik vasitələrin dövriyyəsi və qanunsuz silah saxlama faktları aşkarlanıb, axtarışda olan onlarla şəxs, eləcə də itkin düşənlər tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Postxronika.az saytına verilən məlumata görə, ötən gün ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Keçirilən əməliyyatlar çərçivəsində cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
Məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, dələduzluğa görə axtarışda olan 10 nəfər tutularaq istintaqa cəlb edilib. Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər isə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qanunsuz dövriyyəyə qarşı mübarizə çərçivəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib. Ümumi çəkisi 11,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb.
DİN-dən bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.