Yeni həftəsonu kinoteatrlarda ən çox diqqət çəkən layihələrdən biri ''Hoppers'' olacaq. Film ''Pixar'' studiyasının son illərdə franşizaya bağlı olmayan ən uğurlu açılışlarından birinə namizəd göstərilir. Analitiklərin proqnozuna görə, ekran işi qlobal kassada təxminən 88 milyon dollar gəlir əldə edə bilər. Şimali Amerikada isə açılış həftəsonunda gəlirin 36–40 milyon dollar arasında olacağı gözlənilir.
Postxronika.az xəbər verir ki, bu nəticə baş verərsə, ''Pixar'' üçün 2017-ci ildə çıxan ''Coco'' filmindən sonra ən uğurlu orijinal layihə açılışlarından biri olacaq. Tənqidçilər tərəfindən də yüksək qiymətləndirilən animasiyanın ''Rotten Tomatoes'' platformasındakı reytinqi hazırda 97 faiz təşkil edir. Film texnologiya vasitəsilə şüurunu robot qunduza köçürən və heyvanlarla ünsiyyət qurmağa çalışan Mabel adlı qızın macəralarını izləyir. Layihənin rejissoru Daniel Çonq, musiqi müəllifi isə Mark Modersbauqdur.
Eyni həftəsonu nümayişə çıxacaq ''The Bride!'' filminin isə daha zəif nəticə göstərməsi gözlənilir. Meqqi Qillenhaal tərəfindən çəkilən ekran əsərinin ABŞ-də 16–18 milyon dollar civarında açılış etməsi proqnozlaşdırılır. Qotik romantika janrında olan film 1935-ci ildə çəkilmiş ''The Bride of Frankenstein'' klassikasından ilhamlanıb və baş rollarda Cessi Bakli ilə Kristian Beyl çəkiliblər. Tənqidçilərin qarışıq rəyləri və bəzi səhnələrin çıxarılması ilə bağlı müzakirələr isə layihənin kassadakı nəticəsinə mənfi təsir göstərə bilər.