Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev azərbaycanlı həmkarı Ceyhun Bayramova telefonla zəng edib.
Postxronika.az Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, danışıq zamanı 5 mart tarixində İran tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə dronla təşkil edilən hücumlar əsas müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov mülki infrastruktura və şəxslərə zərər vuran bu hücumların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə zidd olduğunu vurğulayıb. O, rəsmi Bakının İran İslam Respublikasından məsələyə aydınlıq gətirilməsini, rəsmi izahat və üzrxahlıq tələb etdiyini, həmçinin bənzər halların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini Qazaxıstan tərəfinin diqqətinə çatdırıb.
Yermek Koşerbayev baş vermiş hadisədən dərin narahatlıq duyduğunu bildirərək, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu ifadə edib.