Azərbaycan hər zaman İran və digər qonşu dövlətlərlə mehriban münasibətlər qurmağa çalışıb. Bu xəttə də sadiq qalıb. Əvəzində İran dövlət rəsmilərinin, daha doğrusu, dini nümayəndələrinin həzəyanlarına şahid olub. Məsələn, Ərdəbilin imam cüməsi İranın ali rəhbərinin nümayəndəsidir və dəfələrlə Azərbaycan əleyhinə çıxışlar edib. Ancaq İran rəhbərliyi bu şəxsi susdurmaq üçün heç bir addım atmayıb. 

Bu fikirləri Postxronika.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib. O bildirib ki, vaxtilə "Sepah"ın generalları da Azərbaycana dəfələrlə hədələyici açıqlamalar veriblər.

Bununla yanaşı, Azərbaycana açıq çağırışlar edən Hüseyniyyun qruplaşması üzvlərinin İran ərazisində sığınacaq tapması, himayə olunması, eyni zamanda Azərbaycan səfirliyinə hücumla bağlı proseslər bir daha İran molla rejiminin mahiyyətini göstərir. 

İrana qarşı ABŞ və İsrail əməliyyatı başladıqdan sonra Azərbaycan mövqeyini açıqladı və heç bir halda öz ərazisindən hansısa hücumun həyata keçirilməyəcəyini bildirdi. 

Dünyada heç bir dövlət başçısı birbaşa İrandakı səfirliklərinə gedərək Əli Xamneinin ölümünə başsağlığı verməyib. İlham Əliyev ilk dövlət başçısı idi ki, bunu etdi. 

Əvəzində İranın Azərbaycana hücum etməsi normal qarşılanacaq vəziyyət deyil. Bu, bütün qonşuluq münasibətlərinin silinməsidir və indiyə qədər Azərbaycanın etdiyi müsbət davranışlara verilən qeyri-adekvat davranışdır. Qonşularına bu cür mövqe sərgiləməsi İranın özünə ziyandır. Azərbaycanın dövlət başçısı bununla bağlı Təhlükəsizlik Şurasında çıxışı etdi və bütün lazımi məqamlara toxundu. 

Əlbəttə Azərbaycan cavab vermək hüququnu özündə saxlayır.

Ağa Rza