"Tuttosport" nəşrinin məlumatına görə, "Milan"ın baş məşqçisi Massimiliano Alleqri "Real"ın sükanı arxasına keçəcəyi təqdirdə, rəhbərlikdən hazırkı komandasından iki futbolçunun transferini xahiş edəcək. 58 yaşlı mütəxəssis ilk növbədə vaxtilə Madrid təmsilçisində çıxış etmiş Luka Modriçin geri qayıtmasında israrlıdır.

Postxronika.az xəbər verir ki, təcrübəli çalışdırıcı "Milan"la müqaviləsinin uzadılması hələ dəqiqləşməyən 40 yaşlı xorvatiyalı yarımmüdafiəçini meydanda öz fikirlərini komandaya çatdıra biləcək əsas fiqur kimi dəyərləndirir. Alleqrinin siyahısındakı ikinci oyunçunun isə vaxtilə "Yuventus"da onun rəhbərliyi altında mühüm rol oynamış və hazırda Milan təmsilçisinin əsas simalarından sayılan Adrien Rabyo olduğu bildirilir. Qeyd edək ki, italyan mütəxəssisin cari mövsümün sonunda baş məşqçi vəzifəsinə gətirilməsini nəzərdən keçirən "Real" hazırda İspaniya çempionatında 26 oyundan sonra 60 xalla lider "Barselona"dan dörd xal geridə qalaraq ikinci pillədə qərarlaşıb.