İrana qarşı artan hərbi gərginlik səbəbindən Hörmüz boğazının gəmiçilik üçün bağlanması nəticəsində minlərlə dənizçi Fars körfəzindəki neft tankerlərində köməksiz vəziyyətdə qalıb.

Postxronika.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, ərazidə qapalı qalan gəmilərdən birinin heyət üzvünün sözlərinə görə, onlar partlayışların və hərbi təyyarə səslərinin müşayiəti ilə, GPS siqnallarının sıxışdırıldığı şəraitdə Dubay sahillərində lövbər salmağa məcbur olublar. Müharibənin başlaması ilə sığorta xərclərinin kəskin artması və İran İnqilab Keşikçilərinin Qərbə məxsus tankerləri vuracaqları barədə hədələri üzündən qlobal enerji daşımalarının əsas marşrutlarından sayılan bu su hövzəsində yüzlərlə yük gəmisi hərəkətini dayandırıb. İndiyədək azı altı su nəqliyyat vasitəsinə hücum edildiyi və iki dənizçinin həyatını itirdiyi münaqişə zonasında heyət üzvləri internetə məhdud çıxışla, psixoloji gərginlik içində xilasedici tədbirləri gözləyirlər. Boğazın tranzit üçün qapalı qalması nəticəsində yaranan bu effektiv blokada eyni zamanda qlobal iqtisadiyyatda neft və qaz qiymətlərinin kəskin sıçrayışına, inflyasiyanın isə sürətlənməsinə gətirib çıxarır.