Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin son bir həftə ərzində həyata keçirdiyi yoxlamalar nəticəsində paytaxt Bakı, eləcə də Sumqayıt şəhəri, Qax və Samux rayonları ərazisində ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb.

Postxronika.az xəbər verir ki, aparılan araşdırmalar zamanı Suraxanı (Əmircan qəsəbəsi) və Səbail (Teymur Elçin küçəsi) rayonlarında, Sumqayıtın H.Z.Tağıyev qəsəbəsi və 48-ci məhəlləsində, həmçinin Qaxın Kiçik Alatəmir və Samuxun Salahlı kəndlərində bitki örtüyünün məhv edildiyi təsdiqlənib. Mütəxəssislərin rəyinə əsasən, bu qanunsuz hərəkətlər nəticəsində ətraf mühitə ümumilikdə 63 min 170 manat məbləğində zərər vurulduğu məlum olub. Aşkar edilmiş hər bir fakt üzrə təbiətə dəymiş ziyanın miqdarı cinayət məsuliyyəti yaratdığı üçün toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib.