Naxçıvan Beynəlxalq Hava Limanında uçuşların müvəqqəti dayandırılması ilə əlaqədar sərnişindaşıma prosesi alternativ yollarla davam etdirilir.
Postxronika.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, Bakıdan Naxçıvana və əks istiqamətə səfər edən vətəndaşlar üçün Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunub.
Sərnişinlərin İğdır hava limanından Naxçıvana və əks istiqamətə daşınması AYNA tərəfindən ayrılmış xüsusi avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir. Hazırda bu məqsədlə 7 iritutumlu avtobus fəaliyyət göstərir və ehtiyat nəqliyyat vasitələri də ayrılıb.
Məlumata görə, martın 5-dən bu günədək ümumilikdə 19 reys həyata keçirilib və 673 nəfər daşınıb. Hazırda proses fasiləsiz şəkildə davam etdirilir.