ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin qeyd-şərtsiz təslim olmasını tələb edərək, bölgəyə Amerika quru qoşunlarının yerləşdirilməsi ehtimalını istisna etməyib.

Postxronika.az xəbər verir ki, ABŞ prezidenti bu barədə jurnalistlərə açıqlamasında bildirib və münaqişəyə kürd qüvvələrinin cəlb olunmasına qəti şəkildə qarşı çıxdığını vurğulayıb. Müharibədə həlak olan altı hərbçinin cənazəsinin qarşılanma mərasimində iştirak edən prezident, itkilərə baxmayaraq, Vaşinqtonun böyük fərqlə qələbəyə doğru getdiyini qeyd edib. O, hərbi əməliyyatların müddəti barədə dəqiq proqnoz verməsə də, zərurət yaranacağı təqdirdə prosesin aylarla uzana biləcəyini diqqətə çatdırıb. Bununla yanaşı, Ağ Ev rəhbəri 175 nəfərin, əsasən də uşaqların ölümü ilə nəticələnən qızlar məktəbinə hücumda Tehranı təqsirləndirib. Pentaqonun və müstəqil medianın bu zərbənin Amerika qüvvələri tərəfindən endirilməsi ehtimalını irəli sürməsinə rəğmən, Tramp qətliamda məhz İranın məsuliyyət daşıdığında israr edib.