Britaniyanın Kiprdəki "RAF Akrotiri" hərbi aviabazasına edilən pilotsuz uçuş aparatı (PUA) hücumundan sonra yerli əhali təhlükəsizliklərinin təhdid altında olduğunu bildirərək genişmiqyaslı etiraz aksiyalarına başlayıb. Yürüş iştirakçıları adanın Yaxın Şərqdəki münaqişəyə cəlb olunmasından ehtiyatlanaraq, müstəmləkə dövründən qalma xarici hərbi obyektlərin dərhal bağlanmasını tələb edirlər.
Postxronika.az xəbər verir ki, Kiprin xarici işlər naziri Konstantinos Kombos obyekti hədəf alan dronun Livandan – Hizbullah və İslam İnqilabı Keşikçiləri Korpusunun mövqelərindən atıldığını təsdiqləyib. Rəsmi Nikosiyanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Londonun bu təhlükəyə qarşı yetərli tədbir görməməsi vətəndaşların narazılığını daha da artırıb. Böyük Britaniya müdafiəni gücləndirmək məqsədilə bölgəyə əlavə qırıcılar və hərbi gəmilər göndərsə də, bu addım ictimaiyyət tərəfindən çox gecikmiş reaksiya kimi qiymətləndirilir. Eyni zamanda, hücum nəticəsində Amerikanın "U-2" casus təyyarələrinə məxsus anqarın zədələnməsi barədə faktların əvvəlcə gizlədilməsi əhalidə bu bazalara qarşı qəzəbi pik həddə çatdırıb.