İran Prezidenti Məsud Pezeşkiyanın qonşu ölkələrə, öz ərazilərindəki ABŞ bazalarından İrana qarşı istifadə edilmədiyi təqdirdə hücum etməmək barədə irəli sürdüyü təklif ölkə daxilində ciddi fikir ayrılıqlarına və siyasi böhrana səbəb olub. Dövlət televiziyasındakı çıxışı zamanı region dövlətlərindən üzr istəyən prezidentin bu mövqeyi ordu və sərt xətt tərəfdarları tərəfindən sərt etirazla qarşılanaraq rədd edilib.

Postxronika.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və xarici siyasət rəsmiləri Pezeşkiyanın bəyanatının əksinə olaraq, bölgədəki Amerika hərbi obyektlərinin potensial hədəf olaraq qaldığını və İrana yönələn hər hansı təhdidə sarsıdıcı zərbələrlə cavab veriləcəyini vurğulayıblar. Eyni zamanda, ölkədə yaranmış siyasi xaos fonunda ali liderin qısa müddət ərzində seçilməsi və müharibə strategiyasının yenidən nəzərdən keçirilməsi tələbləri səsləndirilir. Regiondakı gərginlik artarkən ABŞ-ın Qeşm adasındakı su təmizləyici qurğuya zərbə endirməsi və Körfəz ölkələrinin obyektlərinin vurulması vəziyyəti daha da mürəkkəbləşdirir. Qərb diplomatları isə Tehranın mövqeyindəki bu ziddiyyətlərin siyasi manevr, yoxsa daxili idarəetmə böhranı olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər.