Martın 7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında fiqurlu konkisürmə üzrə xüsusi şou proqramı təşkil olunub. Tədbirdə “Ocaq” və “TAMIS” İdman Klublarının idmançıları buz üzərinə çıxaraq öz xüsusi proqramlarını icra ediblər. Onlar musiqi müşayiəti altında estetik və dinamik kompozisiyalar nümayiş etdirərək, izləyicilərə fiqurlu konkisürmənin incəliyini və gözəlliyini təqdim ediblər.

Postxronika.az xəbər verir ki, bu möhtəşəm tədbir 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub. Şou ənənəvi “İdman həftəsi” və Bakı 2026 - “Dünyanın İdman Paytaxtı” layihələri çərçivəsində, Gənclər və İdman Nazirliyinin, eləcə də “Ocaq” və “TAMIS” İdman Klublarının birgə təşkilatçılığı ilə ərsəyə gəlib.