''Pixar'' studiyası məşhur animasiya seriyasını davam etdirməyə hazırlaşır. Məlumata görə, studiya ''Monsters, Inc.'' filminin üçüncü hissəsi üzərində işləyir. Layihə ilə bağlı hələlik süjet və aktyor heyəti barədə ətraflı məlumat açıqlanmayıb.


Postxronika.az xəbər verir ki, məlumat ''The Wall Street Journal'' nəşrinin ''Hoppers'' filmi ilə bağlı hazırladığı materialda yer alıb. 2001-ci ildə nümayiş olunan ilk film Pit Dokterin çəkdiyi və tamaşaçılara Mayk Uazovski ilə Salli adlı iki bədheybətin macəralarını təqdim edib. Qeyd edək ki, animasiya filmi dünya üzrə 528,7 milyon dollar gəlir əldə edərək böyük kommersiya uğuru qazanıb.

Franşiza daha sonra ''Monsters University'' adlı ''prequel" (əsas hekayənin əvvəlindən bəhs edən film) filmi və ''Monsters at Work'' serialı ilə genişləndirilib. Studiyanın digər məşhur layihələri də davam etdirilir. Belə ki, ''Incredibles 3'' filminin 2028-ci ildə, ''Coco 2''nin isə 2029-cu ildə təqdim olunması planlaşdırılır. Bundan əlavə, ''Pixar''ın Asiya mifologiyasından ilhamlanan ''Ono Ghost Market'' adlı yeni layihə üzərində də işlədiyi bildirilir.