Amerikalı aktyor Ben Stiller ABŞ administrasiyasının hazırladığı və sosial şəbəkələrdə yayılan videoya etiraz edib. Videoda bir sıra məşhur filmlərdən səhnələr real hərbi dron hücumu görüntüləri ilə birlikdə montaj olunub və bu, geniş müzakirələrə səbəb olub.


Postxronika.az xəbər verir ki, Stiller videoda onun rol aldığı ''Tropic Thunder'' filmindən istifadə olunmasına qarşı çıxaraq Ağ Evə müraciət edib. O, ''X'' sosial şəbəkəsində paylaşımında “Bu kadrı videodan çıxarın. Biz buna icazə verməmişik və təbliğatın bir hissəsi olmaq istəmirik. Müharibə film deyil” sözlərini yazıb.

Qeyd edək ki, videoda ''Gladiator'', ''Braveheart'', ''Iron Man'', ''Deadpool'' və ''Top Gun'' kimi filmlərdən səhnələr də yer alıb. Sosial şəbəkələrdə bir çox jurnalist və istifadəçi bu montajı tənqid edərək müharibə görüntülərinin bu cür təqdim edilməsini yersiz adlandırıb. 'Qeyd edək ki, daha əvvəl də bir neçə sənətçi əsərlərinin siyasi videolarda icazəsiz istifadə olunmasına etiraz edib.