Naxçıvan Beynəlxalq Hava Limanında uçuşların müvəqqəti dayandırılması səbəbindən Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini fasiləsiz təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə xüsusi aviareyslər həyata keçirilir. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və geriyə mənzilbaşına çatdırılması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ayrılmış xüsusi avtobuslarla, tamamilə ödənişsiz şəkildə icra edilir.

Postxronika.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, Naxçıvan Avtovağzalı ilə İğdır hava limanı arasında qarşılıqlı daşımalar 7 iritutumlu avtobus vasitəsilə həyata keçirilir. Eyni zamanda, prosesin davamlılığını təmin etmək üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.

Qeyd edək ki, martın 5-dən indəyədək ümumilikdə 34 reys icra olunub və 1442 nəfər sərnişin Naxçıvandan İğdıra, eləcə də əks istiqamətə daşınıb. Vətəndaşların rahatlığı üçün proses hazırda da davam etdirilir.