Avstriyanın Linz şəhərində təşkil olunan cüdo üzrə Qran-Pri turniri başa çatıb. Azərbaycanın milli komandası bu mötəbər beynəlxalq yarışı ümumilikdə 4 medalla uğurla tamamlayıb.

Postxronika.az xəbər verir ki, mübarizənin son günündə +100 kq çəki dərəcəsində tatamiyə çıxan Camal Qamzatxanov bürünc mükafata yiyələnib. Cüdoçumuz üçüncü yer uğrunda həlledici qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanmağı bacarıb.

Xatırladaq ki, turnirin əvvəlki günlərində millimizin digər üzvləri də fəxri kürsüdə yer alıblar. Belə ki, Ruslan Paşayev (-66 kq) qızıl, Vüsal Qələndərzadə (-81 kq) gümüş, Ömər Rəcəbli (-81 kq) isə bürünc medala sahib çıxmışdı.

Yekun nəticələrə əsasən, aktivinə 1 qızıl, 1 gümüş və 2 bürünc medal yazdıran yığmamız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutaraq böyük nailiyyətə imza atıb.