Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazı kimi strateji su yollarında ticarət gəmiçiliyinin dayanması qlobal enerji bazarlarında ciddi sarsıntılara, Avropada isə təbii qazın kəskin bahalaşmasına səbəb olub. Qətərin mayeləşdirilmiş qaz istehsalındakı fasilələr fonunda qitənin enerji təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib ki, bu da beynəlxalq tranzit xətlərinin təhlükəsizliyi məsələsini kritik həddə çatdırıb.
Mövcud böhran şəraitində Azərbaycanın Avropa bazarlarındakı payı və Cənub Qaz Dəhlizinin ötürmə imkanlarının artırılması ölkə iqtisadiyyatı üçün yeni perspektivlər vəd edir. 2025-ci ilin yüksək ixrac göstəriciləri fonunda qaz qiymətlərindəki artım Azərbaycanın valyuta gəlirlərinin daha da yüksəlməsinə şərait yaradır və rəsmi Bakının Avropanın enerji arxitekturasındakı strateji rolunu bir daha təsdiqləyir.
Mövzu ila bağlı politoloq Tural İrfan Postxronika.az-a açılamasında bildirib ki, ABŞ və İsrailin İranla müharibəsi dünya iqtisadiyyatına da təsirsiz ötüşmür.
Ticarət yollarının, tranzit xətlərin təhlükə altına düşməsi yaxud bağlanması neftin və qazın qiymətində fərqlərə gətirib çıxarır. Qlobal enerji təchizatı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında ticarət gəmiçiliyinin demək olar ki, dayanması və Qətərə məxsus mayeləşdirilmiş təbii qaz obyektində istehsalın dayanması Avropada qaz qiymətlərinin sürətlə artmasına səbəb olub. Şübhəsiz ki, bu və ya bu kimi amillər Avropa üçün də ciddi narahatlıq yaradır. Azərbaycanın qaz ixracının təxminən yarısı Avropa bazarlarının payına düşdüyü üçün bu artımın ölkə iqtisadiyyatına müsbət təsir göstərəciyini demək olar. 2025-ci ilin statistikasına görə, Azərbaycan 22,8 milyard kubmetrdən çox təbii qaz ixrac edərək 8,8 milyard dollar gəlir əldə edib. Mövcud qiymət artımları bu gəlirlərin daha da yüksəlməsin şərait yarada bilər. Hazırkı gərginlik, Yaxın Şərqdəki böhran fonunda Avropa İttifaqının Azərbaycan qazının qitənin enerji təhlükəsizliyi üçün mühüm rol oynadığını bəyan etməsi də bu reallığı bir daha təsdiq edir. Cənub Qaz Dəhlizinin ötürmə gücünün artırılması istiqamətində işlərin sürətləndirilməsi də bu yöndə yeni imkanların yaranacağını proqnozlaşdırmağa əsas verir.
Nurgül Yusifova