Misli Premyer Liqasında bu mövsüm gərgin və maraqlı mübarizə davam edir. Komandalar arasında rəqabətin artması turnir cədvəlində vəziyyəti daha da gərginləşdirib və demək olar ki, hər turda nəticələr ümumi mənzərəyə ciddi təsir göstərir. Çempionluq və Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların sayının çoxluğu isə mövsümün sonuna qədər intriqanın qorunacağını göstərir.


Mövzu ilə bağlı Rekord.az saytının baş redaktoru, idman şərhçisi Kənan Məstəliyev Postxronika.az-a açıqlama verib.


O, çempionatın daha maraqlı olmasının əsas səbəbinin legioner limitinin ləğvi olduğunu bildirib:


“Azərbaycan çempionatında bu mövsüm daha maraqlı, daha intensiv keçir, daha dinamikdir, daha maraqlı qarşılaşmalar izləyirik. Çünki bunun bir neçə səbəbi var. Birincisi və əsas səbəbi legioner limitinin aradan qaldırılmasıdır. Legioner limiti məcburən oynadılmalı olan yerli futbolçulardan artıq azad olmaq şansı verib klublara və klublar da bundan maksimum istifadə edirlər. Xaricdən yetərincə, içərilərində zəiflər də var, amma yetərincə yaxşı futbolçular transfer etməyə başlayıblar. Heyət güclənibdir və artıq məşqçilər limitə görə oyun qurmağa məcbur deyillər. Ona görə oyun qrafiki daha yaxşıdır. Oyunları daha rahat oynayırlar, taktiki sistemlərdə daha çevik ola bilirlər. Legionerlərin sayının artımı dinamikanın artmasına kömək edir. Eyni zamanda bu, azarkeşləri tribunlara cəlb edir. Azarkeşlər gələndə də komandalar daha məsuliyyətlə oynamağa başlayırlar, daha istəkli olmağa çalışırlar və ona görə də proses maraqlı gedir”.


K.Məstəliyev cari turnir cədvəli haqqında məlumat verib, çempionatda aşkar favorit olmadığını söyləyib:


“Çempionatın favoriti yoxdur. Yəni, baxmayaraq ki, adı böyük olsa da, uğurları böyük olsa da, Qarabağ kimi bir komanda var Azərbaycan çempionatında. Bu, Çempionlar Liqasında tarix yazmış komandadır və yazmaqda davam edən bir komandadır. İllərdir artıq bu proses davam edir. Amma yenə də bir favorit yoxdur. Çünki Qarabağın başı Avrokuboklara, Çempionlar Liqasına qarışdığından Azərbaycan çempionatına tam güclə diqqət ayıra bilmir. Xal itkiləri olur məcburən. Çünki Avrokuboklardakı vacib qarşılaşmalar ərəfəsində komanda əsasən ikinci heyətlə oynamalı olur. Rəqibləri də bundan istifadə edərək xal alırlar.

Ona görə də Qarabağ hal-hazırda nəinki lider deyil, nəinki öndə deyil, əsas rəqibi olan Sabahdan dörd xal geridədir. Hətta itirilmiş xallara görə hesablasaq, yeddi xal geridədir. Yəni bu, hələ Qarabağın nəinki favorit olması, hətta çempionluq şansının belə hal-hazırda aşağı olduğunu göstərir. Rəqibinin taleyi özündən asılı deyil. Çünki Qarabağ bütün oyunlarında qalib gəlsə belə, bundan sonra çempion ola bilmir və rəqibi Sabahın büdrəməsini gözləməlidir.

Sabah da yaxşı komandadır. Çox güclü, yaxşı futbolçular var, çox güclü heyəti var. Eyni zamanda yeni baş məşqçi Valdas Ivanauskas həm təcrübəlidir, həm də yaxşı futbol oynada bilən, dinamik futbol oynada bilən məşqçidir və əlində olan resursdan çox yaxşı istifadə edə bilir. Qarabağa da qalib gəliblər. Rəqiblərlə də lazım olanda dominant, lazım olanda isə sevməli olan futbol oynaya bilirlər. Yəni Sabah hal-hazırda Azərbaycan çempionatının lideridir və qəbul etməliyik ki, favoritidir.

Əsas olan odur ki, çempionatımız maraqlıdır, rəqabətli gedir və mövsümün sonuna qədər çempionun adının aydınlaşmayacağını əminliklə söyləyə bilərik. Eyni zamanda Avrokuboklara yol alan komandaların sayı da artıb. Yəni çempionluq uğrunda iki komanda mübarizə aparırsa, üçüncü-dördüncü yerlər uğrunda artıq beş komanda mübarizə aparır, hətta bu komandaların sayı altıya da çıxıb. Yəni hər xal, hər matç vacibdir və onun uğrunda mübarizə gedir. Bu da Azərbaycan çempionatının daha rəqabətli, daha intensiv olmasını deməyə əsas verir”.


Nicat Rüstəmzadə