Regionda artan gərginlik və hərbi əməliyyatların genişlənməsi diplomatik korpusların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Müharibə risklərinin artması ilə əlaqədar xarici dövlətlər İrandakı nümayəndəliklərini qorumaq üçün təcili tədbirlər görməyə başlayıblar. Bu prosesin ilk ciddi addımı artıq atılıb.

 Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Postxronika.az-a açıqlamasında bildirib ki, Səfirliklərin İran ərazisindən təxliyə edilməsi, bəzilərinin isə Azərbaycan ərazisinə gəlməsi müharibə şəraitində olan ölkə üçün normal bir haldır. 

Belə vəziyyətlərdə hər bir dövlət öz nümayəndələrini qorumağa çalışır.

Əlcəzair bu addımı atan ilk ölkə olsa da, yəqin ki, sonuncu olmayacaq; digər dövlətlər də analoji qərarlar verə bilərlər. Bəzi ölkələr isə hələ ki, səfirliklərini saxlayıblar. Müharibə gedən ölkələrdə bu cür hallar təbii qarşılanır. Məsələn, Ukraynada neçə ildir müharibə davam edir, lakin orada hələ də fəaliyyət göstərən səfirliklər var.

İrandakı müharibə vəziyyəti hələ yeni olduğu üçün gedişatın necə olacağını proqnozlaşdırmaq çətindir. Gələcəkdə vəziyyətə uyğun olaraq diplomatik nümayəndəliklər fəaliyyətlərini bərpa edə bilərlər. Əgər münaqişə qısa müddətdə bitsə, təbii ki, fəaliyyət davam edəcək. Uzun müddət çəkərsə, bəzi səfirliklər geri qayıdacaq, bəziləri qalacaq, bəziləri isə ümumiyyətlə qayıtmayacaq. Bu qərarlar həm də həmin dövlətlərin həm müharibə gedən ölkə ilə, həm də ona qarşı tərəf olan dövlətlərlə münasibətlərindən asılı olacaq.

Nurgül Yusifova