Məşhur amerikalı müğənni, aktrisa və rejissor Barbra Streisand bu il keçiriləcək ''Cannes Film Festival'' çərçivəsində karyerasına görə fəxri “Qızıl Palma budağı” mükafatına layiq görüləcək.
Postxronika.az xəbər verir ki, festival rəhbərliyi sənətkarı “Amerika arzusu anlayışının parlaq təcəssümü və kino sənətində ikonaya çevrilmiş şəxsiyyət” kimi təqdim edib. Streisand mükafatı mayın 23-də keçiriləcək bağlanış mərasimində qəbul edəcək və bununla da Kann səhnəsində ilk dəfə rəsmi şəkildə çıxış etmiş olacaq. O bildirib ki, belə nüfuzlu mükafata layiq görülmək onun üçün həm qürur, həm də böyük məsuliyyətdir. Sənətçi vurğulayıb ki, kino insanların ürəyini və düşüncəsini açmaq, müxtəlif hekayələr vasitəsilə ortaq humanist dəyərləri göstərmək gücünə malikdir.
Qeyd edək ki, Streisand karyerası ərzində iki dəfə “Oscar” mükafatını qazanıb. Biri ''Funny Girl'' filmindəki roluna görə, digəri isə ''A Star Is Born'' filmi üçün yazılmış “Evergreen” mahnısına görə. O, həmçinin 11 “Qızıl Qlobus”, 10 “Grammy” mükafatı əldə edib və onilliklər boyu musiqi və kino sahəsində böyük təsir göstərib. Sənətçi aktyorluqdan əlavə, ''Yentl'' və ''The Prince of Tides'' kimi filmlərin rejissoru kimi də fəaliyyət göstərərək kino tarixində iz qoyub. Festival rəhbərliyi Streisandın yaradıcılığını azadlıq ruhunu və sənətin gücünü təcəssüm etdirən nümunə kimi qiymətləndirib.