Martın 9-da keçirilən buraxılış imtahanı həm şagirdlər, həm də valideynlər arasında ciddi narazılığa səbəb olaraq sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

İştirakçıların əksəriyyəti sualların proqramdan kənar və həddindən artıq mürəkkəb olduğunu iddia etsələr də, təhsil ekspertləri və rəsmi rəylər vəziyyətin fərqli olduğunu, sualların tədris proqramına tam uyğun hazırlandığını vurğulayırlar.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Postxronika.az-a açıqlamasında bildirib ki, suallar məktəb proqramından kənara çıxmır, yəni tədris proqramında nəzərdə tutulan mövzuları əhatə edir.

"Sadəcə sualların qoyuluşunda müəyyən qədər çətinlik ola bilər ki, bu da bütün suallara aid deyil. Hər zaman çətin suallar kateqoriyasına aid edilən üç-beş sual olur. Bunun da məqsədi bəllidir: daha yaxşı hazırlıqlı iştirakçıları müəyyənləşdirmək.

Şagirdlər məktəbdə öyrəndiklərini tətbiq etməlidirlər. İmtahanda şagirdlərin bilikləri sadə, orta və çətin suallar vasitəsilə yoxlanılır və qiymətləndirilir. İmtahan suallarının həddindən artıq sadələşdirilməsi gərgin rəqabət mühiti yaradar. Bu isə ixtisaslar üzrə keçid ballarının kifayət qədər artması ilə nəticələnər. Biz bütün iştirakçıların mütləq maksimum nəticə göstərmələrini tələb etmirik, belə bir şərtimiz yoxdur.

Ancaq nəzərə almaq lazımdır ki, buraxılış imtahanı həm də qəbul imtahanının bir mərhələsidir. Ümumi 700 balın 300 balı məhz bu imtahanda toplanılır. Ona görə də, təbii ki, bu imtahana xüsusi diqqət və məsuliyyətlə yanaşmaq lazımdır".

Nurgül Yusifova