"Real"ın sabiq futbolçusu Eden Hazard klubun braziliyalı vingeri Vinisius Juniora qarşı ictimaiyyətin qərəzli münasibətini kəskin tənqid edib. Belçikalı veteran hücumçunun fikrincə, mütəmadi olaraq irqçi hücumlara hədəf olan gənc istedad yaranmış psixoloji təzyiq səbəbindən 30 yaşında peşəkar karyerasını başa vurmaq qərarına gələ bilər.

Postxronika.az AS nəşrinə istinadən xəbər verir ki, Hazard sabiq komanda yoldaşının sadəcə futboldan zövq almağa çalışdığını, lakin insanların onun oyunundan çox davranışlarını müzakirə etdiyini vurğulayıb. O qeyd edib ki, təhqirlərin cəzasız qalması idmançı üçün ağır yükdür və vəziyyət dəyişməzsə, Vinisiusun idmandan erkən getməsi heç kimi təəccübləndirməməlidir. Fikrini əsaslandırmaq üçün əfsanəvi Ronaldinyonu nümunə gətirən keçmiş ulduz, onun da vaxtilə qol sevinclərini rəqslə qeyd etdiyini, ancaq o dövrdə futbolçulara qarşı bu cür dözümsüzlüyün olmadığını xatırladıb.