Venezueladakı səhiyyə böhranını və qadın həmrəyliyini mövzu alan ''The Cord'' sənədli filmi beynəlxalq festivalda tamaşaçılara təqdim olunacaq. Filmdə çətin şəraitdə yaşayan hamilə qadınlara kömək edən Karolina adlı tibb işçisinin hekayəsi izləyicilərə çatdırılır. O, təhlükəli doğuş şəraitində qadınlara dəstək verərək ana və körpələr arasında həyati bağın qorunmasına çalışır.
Postxronika.az xəbər verir ki, filmin dünya premyerası martın 14-də ''CPH - Copenhagen International Documentary Film Festival'' çərçivəsində baş tutacaq. Sənədli ekran işinin rejissoru fransalı jurnalist və kino müəllifi Nolwenn Hervédir. Layihənin prodüseri isə Estelle Robin Yu olub.
Film Venezuelada sosial və tibbi böhran səbəbindən doğuşun riskli hala gəlməsini və bu vəziyyətdə qadınların bir-birinə dayaq olmasını göstərir. Rejissorun sözlərinə görə, ekran işi yalnız faciəvi vəziyyəti deyil, həm də qadın həmrəyliyinin gücünü nümayiş etdirir. Karolina öz icmasında təhlükəsiz doğuş şəraitinin yaradılması və qadınların bədənləri üzərində qərar vermə hüququ uğrunda mübarizə aparır. “The Cord” həm sosial problemlərə diqqət çəkən, həm də ümid və birlik mesajı verən sənədli film kimi təqdim olunur.