Yaxın Şərqdə genişlənən hərbi münaqişə fonunda Rusiyanın neft gəlirlərinin kəskin artacağı proqnozlaşdırılır.
Postxronika.az xəbər verir ki, Hörmüz boğazının faktiki qapadılmasından sonra rəsmi Moskva ixracatdan artıq 1,9 milyard dollara yaxın əlavə vergi vəsaiti əldə edib. "Financial Times" qəzetinin təhlilinə əsasən, mövcud vəziyyət Çin və Hindistanın Rusiya xammalına olan tələbatını əhəmiyyətli dərəcədə stimullaşdırıb.
Analitiklərin hesablamalarına görə, martın sonunadək Kremlin büdcəsinə daxil olan ümumi əlavə qazanc 5 milyard dollara çata bilər. Bu artım "Urals" markalı neftin bir barelinin qiymətinin ötən aylardakı 52 dollardan 80 dollaradək yüksəlməsi ilə əlaqələndirilir. Beləliklə, Rusiya enerji bazarındakı qlobal qeyri-sabitlik sayəsində gündəlik təxminən 150 milyon dollar əlavə mənfəət qazanmaq imkanı əldə edir.