Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində mənzillərdən, avtomobillərdən və obyektlərdən silsilə oğurluqlar edən şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.
Postxronika.az xəbər verir ki, keçirilən tədbirlər nəticəsində 2 fərdi yaşayış evindən ümumi dəyəri 7750 manat olan müxtəlif növ məişət əşyaları (o cümlədən antik əşyalar) və 1000 manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.
Polis əməkdaşlarının davam etdirdiyi digər əməliyyatlarla şəhər ərazisindəki obyektlərdən və avtomobillərdən mobil telefon, eləcə də pul oğurlayan digər keçmiş məhkum Naib Əliyev də tutulub. Aparılan araşdırmalar zamanı onun ümumilikdə 15-ə yaxın mağaza və avtomobildən oğurluq etdiyi məlum olub. Bundan başqa, N.Əliyevin üzərindən psixotrop maddə hesab edilən metamfetamin də aşkar edilərək götürülüb.
Həyata keçirilən növbəti tədbir zamanı evlərin birindən ümumi dəyəri 3000 manat təşkil edən müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Adil Məmmədov da saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Hazırda qeydə alınan faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib və əməliyyat-istintaq tədbirləri davam etdirilir.